24 May, Çərşənbə


Ombudsman Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı BQXK prezidentinə müraciət edib

Münaqişələr

A- A A+
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 29 dekabr 2016-cı il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerə məktubla müraciət edib.
 
Ombudsman Aparatının mətbuat xidmətindən  verilən məlumata görə, məktubda deyilir ki, 2016-cı ilin 29 dekabr tarixində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərib.
 
“Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb və sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir. Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Bununla belə, bizim əsgərimizin meyiti bu günə kimi Azərbaycan tərəfinə qaytarılmayıb. Hazırda müvafiq qurumlarla, habelə BQXK ilə birgə hərbi qulluqçumuzun meyitinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, kütləvi informasiya vasitələrindən məlum olduğu kimi Ermənistan tərəfi prosesi süni olaraq uzadır və “istintaqın” aparıldığını bəyan edir. Halbuki meyitlərin qaytarılması mexanizmi və prosedurası yetərincə bəllidir və bu cür hallarda əvvəllər də tətbiq olunmuşdur və onlar hər iki tərəfə, habelə sizin təşkilatınıza da bəllidir. Hesab edirik ki, Ermənistan tərəfinin bu addımı beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi 1994-cü ildən etibarən mövcud atəşkəsi heçə sayaraq mütəmadi təxribatlar törədir. Bu hadisələrdən biri də 2016-cı ilin aprel ayına təsadüf edib. 2-5 aprel tarixlərində Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı evlər, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanıblar. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.  Yuxarıda qeyd olunanları, o cümlədən onun ailəsinin və ölkə əhalisinin gözləntilərini nəzərə alaraq, təşkilatınızın mandatı çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun olaraq əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm”, - deyə məktubda qeyd olunub.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...