18 Yanvar, Cümə axşamı


"Made in Azerbaijan" brendinin loqosu təqdim olundu - FOTO

İqtisadiyyat

A- A A+
Bu gün Bakıda İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası və "Made in Azerbaijan" brendinin loqosunun təqdimat mərasimi keçirilib.
 
Tədbirlərdə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
 
İqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların "Made in Azerbaijan" brendi altında təşviqi yerli şirkətlərin daxili və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir:
 
"Milli brendlərimizin yaradılması və inkişafı, daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür. 2017-ci il ərzində 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib. Bundan başqa,müxtəlif xarici ölkələrdə 251-ə yaxın görüş keçirilib, 11 ölkə ilə əməkdaşlığa dair müqavilələr imzalanıb”.
 
Nazir müavini qeyd edib ki, 2017-ci ildə qeyri-neft ixracı 24%, o cümlədən kənd təsərrüfat məhsullarının ixracı 28%, sənaye məhsullarının ixracı 21%, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 7% artıb. Ötən il Azərbaycan 3100 çeşiddə məhsul ixrac edib. 2017-ci ildə 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, 44 sahibkarlıq subyektinə 2,8 mln. manat ixrac təşviqi ödənilib.
 
Loqonu "Leo Burnett" şirkətinin nümayəndəsi Abbas Fətullayev hazırlayıb. O, özündə Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyini, ölkənin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.
 
Bundan başqa, “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Günel Sevdimalıyeva sahibkarlara məxsus brendlərin və patent hüquqlarının xarici ölkələrdə qorunmasının iqtisadi və texniki əhəmiyyətleri, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə bu sahədə reallaşdırılacaq tədbirlər haqqindaməlumatlar verib.
 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...