21 Yanvar,


Arıqlamaq istəyən... - çox yatmalıdır?

Səhiyyə

A- A A+
"The Telegraph" yazır ki, hər gün yataqda əlavə olaraq 90 dəqiqə keçirmək çəki itirməyin ən ağlabatan yolu kimi görünməyə də bilər, lakin yeni araşdırmaya görə bu, məhz belədir.
 
Londondakı King's College Universitetinin alimləri bu nəticəyə gəliblər ki, daha uzun müddətdə yatan adamların şəkərli qidalara və başqa karbohidratlara meyilli olma ehtimalı azdır.
 
Əksinə, yuxusuzluq piylənmənin əsas risklərindən biri sayılır, çünki bu hal iştahanı tənzimləyən hormonları dəyişir.
 
Yeni araşdırma göstərib ki, bir həftə ərzində hər gün yataqda 90 dəqiqə artıq qalanlar təbii olaraq daha sağlam qidalanmaya meyillənir və hər gün 10 qramadək daha az şəkər qəbul edirlər.
 
Tədqiqatın rəhbəri, universitetin Qidalanma Elmələri bölməsinin professoru Wendy Hall deyir ki, "müddəti uzadlılmış yuxu sərbəst şəkərlərin qəbulunu azaldır".
 
Professor burada sərbəst şəkərlər dedikdə, qida sənayesinin yeyinti məmulatlarına qatdığı şəkərdən söhbət getdiyini izah edir.
 
Bu təcrübə zamanı 21 könüllüyə tapşırılıb ki, onlar normal 7 saatdan çox yatmağa çalışsınlar, yatmağa getməzdən əvvəl qidalanmadan imtina etsinlər və hər axşan eyni vaxtda yatağa uzansınlar. Bu könüllülər bir həftənin ərzində 90 dəqiqəyədək artıq yatmaq kimi vərdiş qazana biliblər.
 
Təcrübədə iştirak edənlərə həm də gündəlik tutmaq tapşırılmışdı. Bu gündəliklərdən bəlli olub ki, yuxu müddətini uzadanlar daha az şəkər və karbohidrat yeməyə ehtiyac duyublar. Əksinə, adi qaydasında yaşamaqda davam edən nəzarət qrupunda bu dəyişiklik qeydə alınmayıb.
 
Araşdırma qrupuna daxil Haya əl-Xatib deyib ki, "biz bu təcrübə ilə həm də normal yuxu əldə etməyin asan məsələ olduğunu göstərmişik".
 
Bu araşdırmanın nəticələri "American Journal of Clinical Nutrition" məcmuəsində dərc olunub.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...