18 Yanvar, Cümə axşamı


Münaqişə sona çatmırsa, demək, hər kəs məğlubdur! - Fələstinin Azərbaycandakı səfiri - Eksklüziv - VİDEO

Müsahibə

A- A A+

Fələstinin Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Nazir Əbdül Kərim “Eurasia Diary” (E.D.) analitik informasiya portalına müsahibə verib. Səfir İsrail-Fələstin münaqişəsi, Qüdsün gələcək statusu və Dağlıq Qarabağ münaqişəsinə dair sualları cavablandırıb.

“Eurasia Diary” Fələstinin Azərbaycandakı  səfiri  Nasir Əbdül Kərimlə eksklüziv müsahibəni təqdim edir:

E.D: - Hörmətli səfir, ilk olaraq biz istərdik ki, sizinlə səmimi söhbət edək. Münaqişə haqqında danışmağa başlamamış sizdən bir vacib suala cavab öyrənmək istərdik. Konfliktdən ziyan çəkmiş bir ölkənin vətəndaşı kimi, ümumiyyətlə elə bir kimsə var ki, o , münaqişədən qazansın? Başqa sözlə münaqişədə qazanan tərəf olurmu?

N.Ə.Kərim: Fikrimcə münaqişədə qalib yoxdur. Əgər, münaqişə sona çatmırsa o zaman hər kəs məğlub olur. Əlbəttə, Fələstin tərəfi uzun sürən işğaldan çox əziyyət çəkib. Lakin, məsələnin dərininə getsək görərik ki, hər iki tərəf itirəndir. İsrail partiyaları düşünür ki, onlar qalib gələn tərəfdir, ancaq münaqişə üzərində uzun müddətli təhlil aparsaq görərik ki,bu münaqişədə hamımız uduzan tərəfik.

E.D: - Cənab səfir, hazırda Fələstin-İsrail münaqişə zonasındakı vəziyyəti necə qiymətləndirirsiniz?  Müşahidələrimiz belədir ki, hazırda xarici mətbuat ümumiyyətlə bu münaqişə haqqında məlumat vermir. Həqiqətən də hazırda, misal üçün Fələstində sabitlikdir, yoxsa?

N.Ə.Kərim:  Doğrudur, bildiyiniz kimi, Fələstin münaqişəsi yeni deyil, uzun müddəti əhatə edir. Müasir tarixdə Fələstin uzun müddətli işğaldan əziyyət çəkən bir ölkədir. Artıq 50 ilə yaxındır ki, Fələstin işğal altındadır. Digər tərəfdən, artan extremist  terrorçu  təşkilatları Suriya, İraq, Liviya və digər Orta Şərq ölkələrində qorxunu və təhlükəni  "yoluxucu xəstəlik“ kimi yayır. Media və ümumilikdə Qərb bu qorxunu hər gün daha çox  hiss etməyə başlayır. Bütün bunlar Fələstin məsələsinə də təsir edən amillərdir.

Əslində, Orta Şərqdə mənfi hadisələr baş verməmişdən öncə də, Fələstində baş verənlər daima medianın diqqətində olub. Baş verən hadisələrin mahiyyətini Orta Şərqə və müharibəyə bələd olan siyasətçilər, liderlər, analitiklər, jurnalistlər və digər insanlar - hər kəs çox yaxşı başa düşür. Onlar çox yaxşı anlayırlar ki, qorxunu və təhlükəni yayan və görünməmiş vəhşiliyi törədən  ekstremist təşkilatların əməllərindən hamımız əziyyət çəkirik.  Ən önəmlisi isə, məsələnin kökünə varmaqdır. Bu təşkilatların liderləri  törətdikləri vəhşiliklərini bütün dünya boyunca beyinləri təmiz olan gənclərə aşılamaqla məşğuldurlar. Elə bu səbəbdən də biz məsələnin kökündə yatan faktları araşdırıb həll etməliyik. Çünki, gənc nəsillərin beynini "yumaq“ ən böyük ədalətsizlikdir. Tək Fələstində deyil, bütün dünyada vüsət alan bu ədalətsizlik illərdir ki, Fələstin məsələsinin özəyini təşkil edir. 

Məsələ burasındadır ki, cəmiyyətin münasibəti əsas problem -  ədalətsizliyi həll edə bilmir. Bütün bunlar, gənc  nəsillərin terrorçu  qruplar tərəfindən istifadə edilməsinə səbəb olur. Bu faktor isə, bəşəriyyət üçün həqiqətən çox böyük bir təhlükə deməkdir.

E.D: İsrail Fələstin münaqişəsinin  tənzimlənməsi ilə bağlı bir çox ölkə rəhbərləri, tanınmış siyasətçilər, liderlər və BMT baş katibləri cəhdlər sərgiləyiblər. İndiyədək bu cəhdlərin ciddi effekt verməməsinin əsl səbəbi nədir?  Münaqişənin həllinə nə mane olur?

N.Ə.Kərim: Uzun müddətdir ki, bu münaqişə üzərində çalışırıq. Siyasətçilər, bir çox beynəlxalq təşkilatların və dövlətlərin liderləri, həmçinin, BMT nümayəndəlikləri Fələstin münaqişəsini həll etmək üçün çox çalışıblar. Bu günə qədər üzləşdiyimiz çətinliklərin səbəbi isə liderlərin inadıdır. Təəssüf ki, İsrail dövlətilə Fələstinin birlikdə imzaladıqları "Oslo Accord“ müqaviləsinə hələ də əməl olunmur.  Fələstin - İsrail arasında 1993-cü ildə münaqişənin həll olunmasına dair "Oslo Accord“ müqaviləsi imzalanmışdır.  Sözügedən müqavilə İsrail və Fələstin hökümətlərin üz-üzə imzaladığı ilk müqavilə idi. Müqaviləyə əsasən, Fələstin dövləti İsrail hökümətinin qonşuluğunda yaradılmalı və hər iki dövlət sülh, əməkdaşlıq çərçivəsində yaşamalıdır. Təəsüflər olsun ki, bu gün də İsrail hökümətinin   ideoloji cəhətdən sülhün əleyhinə olduğunun şahidi oluruq.

E.D: Münaqişə bölgəsində əməliyyatlar aparan İsrail tərəfi iddia edir ki, Fələstin xalqına deyil, HAMAS-a qarşı mübarizə aparır. Siz bu mövqeyi necə qarşılayırsınız?

N.Ə.Kərim: Bu İsrailin apardığı əməliyyatlara görə verdiyi ənənəvi münasibətdir.  Ölənin bütün ərazisinin və əhalisinin işğal altında olduğu, öz ölkəsində Fələstinlilərin yoxlandığı 400 İsrail yoxlama məntəqəsinin olduğu  bir yerdə və  beynəlxalq qanunları ciddi şəkildə pozaraq İsrailin bu əməliyyatlara davam etməsi, ekstremist qüvvələr və cihadçılar  tərəfindən Fələstin xalqına divan tutulması  Hamas məsələsi deyil, bu bütünlüklə  Fələstinin işğal olunması deməkdir. Hamas isə Fələstinin yalnız bir hissəsidir. Ona görə də, bu əməliyyatlar  yalnız Hamasa qarşı mübarizəyə yönəlməyib, bu  birbaşa olaraq bütün Fələstin cəmiyyətinə, Fələstin xalqna qarşı yönəlmiş bir işğaldır.  Bu əməliyyatların nəticəsini, əzabını isə  bütün Fələstin əhalisi çəkir. Belə ki, bu sadəcə İsrailin  əsas müzakirə mövzusunu dəyişmək üçün istifadə etdiyi bir məsələdir.

E.D: - O da məlumdur ki, Fələstin ərazisində bir sıra qruplaşmalar və təşkilatlar nəzdində olan hərbi qanadlar var. O silahlı birləşmələrinin fəaliyyətini nəzarətdə saxlamaq və mülki əhalini münaqişələrdən sığortalamaq üçün Fələstin hökumətinin əlində hansı imkanlar var, və ya ümumiyyətlə imkanlar varmı?

N.Ə.Kərim:  Əslində, Fələstin höküməti və hakimiyyəti  işğal altında olan ərazilərdə hərbi qüvvələr yaratmaq üçün çox çalışıb.  Ancaq bir daha onu nəzərə almalıyıq ki, işğal altında olan bir ölkə kimi bizim hərbi qüvvələrimiz məhduddur və bizim bu ərazilərdəki fəaliyyətimiz də məhdudlaşdırılır.  Bu vəziyyətdən ən yaxşı çıxış yolu isə bu ərazilərdə Fələstin hökümətinə təhlükəsizlik qüvvələri yaratmağa və onu idarə etməyə şərait yaradılmasıdır.  Çünki azadlığı əlindən alınmış və təhlükəsizlik qüvvələri İsrailin hərbi qüvvələri tərəfindən məhdudlaşdırılmış  Fələstin hökümətinin öz əhalisini qorumaq üçün təhlükəsizlik qüvvələri yaratmaqdan başqa  seçimi yoxdur.

E.D: - Hazırda Fələstin dövləti hansı şərtlər altında və nə kimi güzəştlərə getməklə suverenlik və sülh  haqqında danışıqlara hazırdır? Bu problemi necə həll etmək olar, bu istiqamətdə sizi qane edən bir paket, bir həll yolu varmı?

N.Ə.Kərim: - Oslo Accord-a görə 1993-cü il razılaşmasında Fələstin dövləti İsrail dövlətini müstəqil bir ölkə kimi tanıyıb. Lakin, İsrail tərəfi bu razılaşmaya əməl etməyərək Fələstin hökümətini  tanımır.  Təəsüflər olsun ki, bugün İsrail dövlətini idarə edənlər arasında münaqişənin həllinin əleyhinə olanlar da vardır ki, bu da münaqişənin həllini ləngidən ən əsas səbəblərdəndəndir. Fələstinlilər bu münaqişənin həllinin beynəlxalq hüquqa əməl olunmasında, beynəlxalq hüququn münaqişə üçün yaradılan  tənzimləmədə, iki ölkə arasında imzalanan sülh danşıqlarına və razılıqlarına əməl olunmasında görür.  Bu yol 1967-ci ildə işğal olunmuş və beynəlxalq cəmiyyət tərəfindən işğal faktı təsdiqlənmiş olan Qüds də daxil olmaqla, Fələstin torpaqlarının işğaldan azad olunmasının yeganə yoludur. Bir məsələni də qeyd etmək istəyirəm ki, hal-hazırda İsraildə sülhün tərəfdarı olan və iki ölkə arasında münasibətlərin sülh yolu ilə tənzimlənməsinə çalışan bir çox İsrailli siyasətçilər də var.  Digər tərəfdən onu da əlavə edim ki, bəzi İsrailli siyasətçilər bizim yəhudiləri bəyənmədiyimizi deyir. Lakin bu belə deyil. Çünki biz tarix boyu yəhudilərlə birlikdə sülh içində yaşamışıq. Hətta bugünün özündə belə Fələstində kiçik yəhudi cəmiyyətlərini görə bilərsiniz. Yəhudilərlə birliktə yaşamaq heç bir zaman Fələstinlilərin problemi olmayıb. Biz yəhudilərə və onların dininə hörmət edirik.  bizim çətinliyimiz yəhudi xalqı ilə deyil, onları idarə edən siyasi sistemlədir. Biz hər gün iki ölkə arasında sülh danışıqlarından və sülhə nail olmanın yollarından danışırıq. Bizim istəyimiz budur.  Son olaraq bir daha təkrarlamaq istəyirəm ki, münaqişənin yeganə çıxış yolu, iki tərəfin qarışılıqlı və ciddi şəkildə məsələnin həlli istiqamətində çalışması, qəbul edilmiş razılaşmalara əməl edilməsi  və 1967-ci ildəki  Fələstin torpaqlarında rəsmi olaraq Fələstin dövlətinin yaradılmasından ibarətdir.

E.D : - BMT və bir sıra xarici dövlətlər Fələstinin müstəqilliyini tanıyıblar. Və belə görünür ki, bu say daha da artacaq. Ümumiyyətlə, Fələstin –İsrail münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi  sizi qane edirmi?

Aydındır ki, beynəlxalq ictimaiyyət  Fələstinin mövqeyini dəstəkləyib. Dünyada 138 dövlət Fələstinin müstəqilliyini tanıyır. Beynəlxalq İctimaiyyətin əksəriyyəti isə, Fələstini dəstəkləyir və  hazırda işğal altında olması faktını tanıyır.  Biz XXI əsrdə yaşayırıq  və biz hələ də bir xalqın  digəri tərəfindən əsarət altına alındığını, işğal olunduğunun şahidi oluruq. Bu qəbul edilməzdir.

Digər tərəfdən isə, ABŞ və İngiltərə kimi əlaqələrimizin olduğu super dövlətlərin hər çıxışında işğalın əleyhinə danışdıqlarının şahidi oluruq. Lakin onların işğalı pisləməklərinə baxmayaraq, digər tərəfdən isə onlar işğalın uzadılması üçün bir "çətir" - maddi, siyasi, hərbi - imkanlar yaradırlar. Bizim ehtiyacımız olan yalnız işğalın pislənməsi deyil, həmçinin regionda sülhün, stabilliyin bərqərar olması üçün mübarizə aparmaqdır. Bu yolla biz həm də dünyanın ən böyük bəlası olan terrorizmlə də mübarizə aparmağa nail ola bilərik.  Bu proses ardıcıl olaraq həyata keçirilməlidir.  Ortada insan haqlarının ən kəskin şəkildə pozulduğu,  mövcud olan bütün əhalinin hərbi qüvvələr tərəfindən işğal altında saxlanılması kimi bir fakt olduqca demokratiya və insan haqları kimi dəyərlərə nail olunması mümkünsüzdür.

E.D : - Azərbaycanla münasibətlər nə səviyyədədir? Səfirliyinizin buradakı fəaliyyəti üçün necə şərait yaradılıb?

N.Ə.Kərim: -   Mən xüsusilə qeyd etməliyəm ki, Azərbaycan və Fələstin  münasibətləri əladır və tarixən də  iki ölkə arasında münasibətlər  yaxşı olub. Fələstin və Azərbaycanın  prezidentləri olan Yasser Arafat və Heydər Əliyev arasında olan münasibətlər təkcə şəxsi səviyyədə deyil, eyni zamanda iki ölkə arasındaki mədəniyyətlər səviyyəsində, tarixi  dəyərlər səviyyəsində çox yaxşı idi. Azərbaycan və  Fələstin arasındaki münasibətlərin gücləndirilməsi üçün  beş il öncə Azərbaycanda , Bakıda Fələstin səfirliyi açıldı.  Beynəlxalq siyasi arenada da Azərbaycan və Fələstin bir-birinə dəstək olan ölkələrdir. Digər tərəfdən Azərbaycan və Fələstin arasında mədəni əlaqələr mövcuddur ki, bu da özünü daha çox təhsillə bağlı  layihələrdə göstərir. Bu programlar Fələstinlilər üçün Azərbaycanın maraqlı təcrübəsini öyrənməyə imkan yaradır.  Beləliklə də hazır ki münasibətlər də dövlət rəhbərləri səviyyəsində uğurla davam etdirilir.

E.D: -  Cənab səfir, Fələstin rəsmi orqanlarının Qarabağ münaqişəsinə yanaşması necədir? Özüdə münaqişə vəziyyətində olan Fələstin Qarabağ münaqişəsinin həllini necə görür?

N.Ə.Kərim: -   Fələstinin bu məsələ ilə bağlı mövqeyi kifayət qədər aydındır.  Bu münaqişədə Fələstin Azərbaycanın mövqeyini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünün sülh və danışıqlar yolu ilə təmin olunması üçün BMT-nin qətnamələrinə və digər beynəlxalq hüquqi  qanunlara əməl edilməsinə çağırır.  Azərbaycanın münaqişə ilə bağlı BMT-də qəbul olunan 4 qətnaməsi, Fələstinin isə  BMT tərəfindən qəbul edilmiş 10 qətnaməsi vardır ki, bunlara hələ də əməl edilmir.  Biz Dağlıq Qarabağ problemini çox yaxşı başa düşürük və biz Azərbaycanın münaqişədəki mövqeyini dəstəkləyirik və bu münaqişədə  Azərbaycanın yanında yer alırıq.


Fazilət Səmədova 

Tərcümə:Vüsalə Əlövsətqızı

 

 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...