18 Yanvar, Cümə axşamı


Qarabağ məsələsinin həlli 2019-a qaldı?

Ekspert rəyi

A- A A+

Hesab olunur ki, ABŞ-ın sərt sanksiyaları Rusiyanın problemə diqqətini azaldacaq; ekspert seçki ilində ciddi danışıqların aparılacağını gözlənilən hesab etmir

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ)  Ali Baş Komandanı general Curtis Scaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovun bir araya gələcəyi ilə bağlı xəbərlər təsdiqlənmədi. Bundan əvvəl Rusiya mətbuatı görüşün yanvar ayında, Bakıda keçiriləcəyi barədə məlumat yaymışdı.

Qeyd edək ki, 2017-ci ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Joseph Dunford arasında görüş Azərbaycan paytaxtında baş tutmuşdu. Ötən ilin sentyabrında isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə bir araya gəlmişdi. Budəfəki görüşün baş tutmaması isə heç şübhəsiz, ABŞ və Rusiya arasında yaşanan gərginliyin getdikcə artması ilə əlaqədardır. NATO-da əsas söz sahibi olan Vaşinqtonun Rusiyaya qarşı növbəti sanksiyaları işə salması növbəti görüşlərin və müzakirələrin perspektivini şübhə altında qoyur. Beləliklə, dünya iki nəhəng dövlətin növbəti “soyuq müharibəsi”ni seyr etmək ərəfəsindədir. Ancaq bu savaşın hətta hərbi müstəviyə keçməsi ehtimalı da ciddi şəkildə səslənir. Bütün bunların fonunda heç şübhəsiz ki, biz Azərbaycanı gözləyən təhlükələrdən bəhs etməliyik. Elə bu günlərdə xarici ekspertlərin səsləndirdiyi fikirlər də məsələyə həssas yanaşmanı zəruri edir.

USA Russia ile ilgili görsel sonucu

“ABŞ-ın Rusiyanın hərbi-sənaye müəssisələrinə qarşı yeni sanksiyaları üçüncü ölkələri Rusiya silahları almaqdan çəkindirə bilər”. Bu sözləri “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın Xarici Siyasət Şurasının tanınmış analitiki Stiven Blank söyləyib. “Pis olmazdı əgər bu yolla rus silahlarının Cənubi Qafqaza girişi dayansaydı. O halda, münaqişə tərəflərinin sülhə gəlməsi bəlkə də asanlaşardı” deyə, o qeyd edib. Ekspertin sözlərinə görə, baxmayaraq ki, bəzi istisnalar ediləcək, Azərbaycan və Ermənistan kimi Rusiya silahlarının iri alıcıları, hər halda, sürprizlərlə üzləşə bilərlər: “Sanksiyalar hökumətlərə qarşı da tətbiq oluna bilər”.

Analitik Şuranın eksperti, sabiq səfir Con Herbst öz növbəsində hesab edir ki, Rusiya silahlarının alıcılarına qarşı sanksiyalar ehtimalı yüksək olmasa da, onlar bir şeyi nəzərə almalıdırlar: “Sanksiyalar altında olan şirkətlərlə işbirliyinə girənlər müəyyən nəticələrə də hazır olmalıdırlar”. Herbstə görə, Kremlin SSRİ-ni bərpa eləmək səyləri də nəzərə alınarsa, Rusiyaya qarşı sanksiyalar qaçılmazdır: “Əgər Putin keçmişi qaytarmaq istəyirsə, o zaman biz də onu zəiflətməli və onun situasiyaya təsir resurslarını məhdudlaşdırmalıylıq”. Amerikalı analitiklərin qənaətincə, sanksiyalar artıq Rusiya elitasına təsir göstərməkdədir. “Sadə dildə desək, sanksiyalar onları məhv edir” - Stiven Blank hesab edir. Onun sözlərinə görə, Ermənistanın maraqları tələb edir ki, tezliklə Moskvanın pressinqindən çıxsın və hamı ilə bərabər münasibətlər qursun. “Lakin Dağlıq Qarabağ konflikti nizamlanmayınca, bu, baş verməyəcək. Türkiyə də blokadanı götürməyəcək”.

Göründüyü kimi, kifayət qədər ciddi mesajlar var. Bu arada Ermənistanda da Rusiyaya qarşı sanksiyaların ölkəyə təsirindən danışmağa başlayıblar. Heç şübhəsiz ki, İrəvan öz ağasının durumuna görə narahat olmalıdır. Bu faktdır ki, Azərbaycan ərazilərinin ilhaqının davam etməsi məhz Rusiyanın Ermənistanı himayə etməsinin məntiqi nəticəsidir. Ermənistan Gürcüstan üzərindən Rusiya ilə etibarlı quru və dəmiryolu rabitəsi istiqamətində çalışdığı bir ərəfədə Kremlin sərt sanksiyalara məruz qalması sözsüz ki, İrəvanı ağır durumla üz-üzə qoyacaq. Lakin hesab olunur ki, şimal qonşumuza qarşı sanksiyaların Azərbaycana da təsiri qaçılmazdır. Azərbaycan Rusiyanın silah bazarında özünəməxsus yer alır. Sanksiyaların sərtləşməsi bu əlaqələri sual altına qoya bilər. Məsələ burasındadır ki, Qərb Azərbaycana silah satmaqdan birmənalı imtina etdiyi üçün Bakı məcburi qaydada Rusiya bazarına üz tutur. Bu yaxınlarda Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya yarımməxfi səfəri də müəyyən fikirlərə rəvac verib.

“Yeni Müsavat”ın yazdığı kimi, Rusiyanın hərbi sənaye kompleksini kurasiya edən və prezident Vladimir Putinin yaxın adamı kimi tanınan Roqozinin Bakı ziyarəti ilə bağlı paylaşdığı fotodan belə qənaət hasil oldu ki, səfər, hər halda, uğurlu olub və Moskva hədəfinə çatıb. Şübhəsiz ki, silahlanma məsələsində Rusiya 2018-ci ildə də bizim əsas bazarlarımızdan biri olacaq. Hərçənd fevraldan ABŞ-ın tətbiq edəcəyi yeni və daha geniş sanksiyalar paketinin təsiri altına Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrin də düşməsi gözlənilir. Lakin Rusiyanın silah bazarından asılı olan işğalçı Ermənistanın daha ciddi maneələrlə üzləşəcəyi ehtimalı var.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları getdikcə sərtləşir və bu sərtləşmə davam edəcək: “Çünki Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş yoxdur, Donbas probleminin həlli ilə bağlı  ”Minsk planı" yerinə yetirilmir və Rusiya üzərinə düşəni etmir. Üstəgəl, Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsi ilə bağlı araşdırmalar da davam edir. Bütün bunlar var ikən Amerikanın Rusiyaya qarşı siyasətinin yumaşalacağını gözləmək əbəsdir. Amerikanın Rusiyaya qarşı sanksiyalarının Azərbaycana təsir edəcəyini düşünmürəm. Azərbaycan hər iki dövlətlə normal münasibətlərini davam etdirir və heç birinin qovğasında iştirak etmir. Kimsə Azərbaycanı seçim qarşısında qoymayıb ki... Azərbaycan öz milli və təhlükəsizlik maraqlarının yanındadır, bu maraqlar nəyi diktə edirsə, o cür də hərəkət ediləcək".

Ekspert qeyd etdi ki, ABŞ-ın hazırkı administrasiyası Cənubi Qafqazla, o cümlədən həmsədr olduğu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə maraqlanmır: “Qarabağ məsələsi ilə  maraqlanan Rusiyadır. Ona görə də rəsmi Bakı Qarabağ mövzusunda daha çox Moskva ilə dialoq aparmaq məcburiyyətindədir. Bəli, bu bizim xoşumuza gəlmir, çünki Kreml münaqişənin həlli məqsədilə işğalçı Ermənistana təsir etmir. Buna baxmayaraq, Rusiya bölgədə gücdür və onunla dialoqdan imtina edə bilmərik”.

Bu arada ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb. APA-nın məlumatına görə, bu barədə Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində bildirilir. Tövsiyədə bildirilir ki, Dağlıq Qarabağda itkilər davam edir: “Mütəmadi atışmalar, artilleriya sistemlərindən, o cümlədən mina və minaatanlardan istifadə hər il itkilərlə nəticələnir. Təmas xətti və beynəlxalq səviyyədə tanınmış Azərbaycan-Ermənistan sərhədlərinə yaxın yollardan keçməyə çəkinin. ABŞ təhlükəsizlik xidməti Dağlıq Qarabağda ABŞ vətəndaşları üçün təhlükəsizliyi təmin etməyə qadir deyil. Belə ki, ABŞ hökuməti əməkdaşlarının oraya səfəri məhdudlaşdırılıb”.  Qeyd edək ki, Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ  ayrıca ölkə kimi qeyd olunmayıb. Dağlıq Qarabağa səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı bölmədə yer alır.

Hər halda, ABŞ-ın öz vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırması Azərbaycanın maraqlarına cavab verən haldır. Lakin Vaşinqton birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd etməməklə yenə də ikili standartlardan çıxış edib. Xüsusilə də Dağlıq Qarabağla bağlı xəbərdarlığın hesabatın Ermənistan bölümündə də əksini tapması anlaşılan deyil.

Bir sıra ekspertlər 2018-ci ildə Dağlıq Qarabağla bağlı “status-kvo”nun dəyişməyəcəyini əminliklə bildirir. Bu fikirdə olanlar belə bir arqumentlə çıxış edirlər ki, 2018-ci ildə həm Rusiya, həm Azərbaycan, həm də Ermənistanda prezident seçkilərinin keçirilməsi digər məsələlərin aktuallığını azaldacaq. Odur ki, məsələnin həllinin 2019-da aktuallaşacağı iddiası var.

Sergey Markov ile ilgili görsel sonucu

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov da bu günlərdə deyib ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2017-ci il ssenarisi üzrə davam edəcək. Lakin Rusiyada, Azərbaycanda və Ermənistanda prezident seçkilərinin keçirilməsi münaqişənin nizama salınmasında sıçrayışa nail olunacağı ehtimalını azaldır. Çünki əsas diqqət seçkilərə yönələcək. Markov hesab edir ki, Rusiya ilin birinci yarısında Qərbin artan hücumları ilə qarşılaşacağı üçün də Qarabağ münaqişəsinə kifayət qədər diqqət ayıra bilməyəcək. “Lakin münaqişənin nizama salınması üzrə bazanın hazırlandığını da qeyd etməliyəm. Dəfələrlə bildirilib ki, masada həll variantları var. Hər şeydən əvvəl ”Kazan düsturu"nu reallaşdırmaq mümkündür", - deyə o bildirib. Lakin bununla belə, Markov Qarabağda “aprel müharibəsi” ssenarisinin təkrarlanacağını da istisna etməyib. “Ermənistanın parlament üsul-idarəsinə keçidi Qarabağ münaqişəsi ilə bağlı siyasətində heç bir dəyişikliyə səbəb olmayacaq. Böyük ehtimalla Sərkisyan baş nazir olacaq və hakimiyyəti əlində saxlayacaq. Lakin onun xalq arasında nüfuzu aşağıdır. Bu baxımdan, seçkiqabağı kampaniyada və seçki dövründə Qarabağda gərginlik yarada biləcəyi istisna deyil. Bütövlükdə vəziyyət gözlənilməz məcrada inkişaf edə bilər. Digər tərəfdən, Ermənistanda rəhbərlik dəyişsə belə Qarabağla bağlı ictimai rəyə hesablanmış sərt ritorika davam edəcək”- Markov deyib.

E.Şahinoğlu da qəzetimizə açıqlamasında dedi ki, 2018-ci ildə həqiqətən danışıqlarda irəliləyiş gözləmək əbəsdir:“Çünki Azərbaycan və Rusiyada prezident, Ermənistanda isə parlament seçkisi keçiriləcək. Seçki ilində isə ciddi danışıqların aparılacağı gözlənilən deyil. Buna baxmayaraq, seçki ilidir deyə, cəbhə bölgəsində gərginliyin azalacağını da vurğulamaq çətindir. Təmas xəttindəki vəziyyət seçkilərlə əlaqəli deyil. İstənilən an, istənilən hadisə baş verə bilər. 2016-cı ilin aprelindəki döyüşləri həmin hadisədən bir həftə əvvəl proqnozlaşdırmaq çətin idi. Ancaq gərgin döyüşlər oldu və Rusiya işə qarışmasaydı, müharibə hələ bir müddət də davam edəcəkdi”.

Şahinoğlu Elxan ile ilgili görsel sonucu

Bir sıra müşahidəçilər bu qənaətdədir ki, Rusiya bu il ərzində daha çox Qərbin hücumlarını dəf etməklə məşğul olacaq. Odur ki, Qarabağ məsələsinin həllində “açar” rolunu oynayacağı güman edilən Kremlin Azərbaycan ərazilərinin işğaldan azad olunması məsələsinə vaxt ayıracağına inam azdır. E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın başı nə qədər öz işlərinə və Qərblə mübarizəyə qarışsa da, Kreml Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibəyə imkan vermək istəmir: “Buna baxmayaraq, Rusiya Azərbaycan ordusunun hər gün və hər saat işğalçıya zərbələr endirib düşmənin itkilərini artırmağa da mane olmur və olmayacaq. Bu mənada kəşfiyyat qruplarımız və snayperlərimiz əvvəlki kimi düşmənin itkilərini artırmalıdır. Əhalisi azalan Ermənistan üçün ildə 100 hərbçini itirmək böyük rəqəmdir, bu boşluğu doldurmaqda çətinlik çəkirlər”.

Yanvarın ikinci yarısında isə Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü planlaşdırılır. Ancaq ekspertlər bu görüşdən hər hansı nəticə gözləmədiklərini vurğuladılar. Xüsusilə də təmas xəttindəki son gərginliklər məsələnin həlli ilə bağlı ciddi irəliləyişləri mümkünsüz edir. Bu görüş ən uzağı genişmiqyaslı hərbi əməliyyatları önləməyi hədəfləyə bilər. Seçkilər ilində bu, bütün tərəflərə lazımdır...

musavat.com

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...