21 Yanvar,


ABŞ Azərbaycanı hansı ölkə ilə səhv salır? - Vaşinqton cavab verməlidir

Ekspert rəyi

A- A A+
ABŞ Dövlət Departamenti Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil edib. ABŞ-ın Azərbaycanla bağlı açıqlaması rəsmi Bakını təəccübləndirib. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir.
 
XİN rəsmi qeyd edib ki, son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür. 
 
Siyasi ekspertlər hesab edirlər ki, ABŞ Dövlət Departamentinin mövqeyi qərəzli və qəbuledilməzdir.
 
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a bildirib ki, ABŞ Dövlət Departametinin hesabatının ciddi əhəmiyyəti yoxdur: “Azərbaycana turist gələrkən Dövlət Departamentinin hesabatını oxumur, həmin sənədi özü üçün əsas götürmür. Gələn turist birinci baxır ki, ölkədə kirminal durum necədir, terror olayları var, ya yoxdur. Hər bir insan buna əsasən hansısa ölkəyə səfər edir. Bakıda istənilən turist axşam saatlarında da küçədə sərbəst gəzə bilir. 1999-cu ildə Amerikanın müxtəlif şəhərlərində olduqda bizə daima xatırladırdılar ki, hansısa küçəyə dönsəniz və ya azsanız sizin təhlükəsizliyinizə cavabdeh deyilik. Amerikanın özündə son illərdə nə qədər terror olayları baş verib? 2001-ci ildə terrorçular mülki təyyarələri qaçırdaraq Nyu-Yorkdakı göydələnlərə hücum təşkil etdilər, minlərlə insan həlak oldu. Ancaq bu olay Nyu-Yorka turist axınını azaltmadı. 
 
 
O başqa məsələdir ki, Dövlət Departamenti xarici ölkələrə səfər edən vətəndaşlarının təhlükəsizliyi üçün ehtiyat edir, çünki bilir ki, bir qrup terrorçu təşkilatlar amerikalıları güdür, onları qətlə yetirməyə və ya girov götürməyə çalışırlar. Bu mənada ABŞ vətəndaşlarının İraq, Suriya və ya Liviya kimi ölkələrə səfər etməsi arzuolunan deyil. Ancaq Azərbaycanın buna nə dəxli var? Özü də Vaşinqton Azərbaycanı tərəfdaş ölkə adlandırır, hansısa Amerika vətəndaşının Azərbaycanda oğurlandığını və ya qətlə yetirildiyini xatırlamıram. Doğrudur, bir neçə il əvvəl Amerikanın qeyri-hökumət təşkilatlarından birinin nümyəndəsi evində ölü tapılmışdı. Sonradan bu qətlin onun Amerika vətəndaşı olmasıyla əlaqəli olmadığı üzə çıxdı. Məişət zəminində baş verən cinayət idi. Odur ki, ABŞ vətəndaşları rahatlıqla Azərbaycana gəlib dincələ bilərlər”.
 
 
Xüsusi xidmət orqanlarının yüksək rütbəli sabiq əməkdaşı, siyasi ekspert Arzu Nağıyev AzVision.az-a bildirib ki, ABŞ Dövlət Departamentinin bu addımı anlaşılmaz olduğundan mütləq aydınlıq gətirilməlidir: "Ümumiyyətlə, belə siyahılar hazırlananda informasiyanın mənbəyi məlum olmalıdır. Azərbaycanda təhlükəsizliyə təhdidin olması ilə bağlı məlumatların haradan götürüldüyü, onu tərtib edərkən nəyə istinad edildiyi bilinməlidir. Daha sonra bu təhdidlərin nədən ibarət olduğu daha konkret açıqlanmalıdır. Ola bilsin ki, amerikanlar Azərbaycanı digər terror təhlükəsi olan dövlətlərdən biri hesab edirlər. Əgər Azərbaycan NATO-nun sülhməramlı missiyalarında və ya müəyyən koalisiyalarda hansısa formada təmsil olunursa, bu, o demək deyil ki, burada tam şəkildə terror təhlükəsi var. Düşünürəm ki, onlar Rusiyanın cənubunda baş verənləri də məhz Azərbaycanla əlaqələndirirlər. Amma bütün bunların hamısı təəssüf hissi doğurur. 
 
 
Azərbaycanda son illər bu qədər beynəlxalq siyasi forumlar, idman və mədəniyyət tədbirləri keçirilib və onların heç birində ən kiçik neqativ hal baş verməyibsə, hansı terrordan, təhlükədən danışa bilərlər?! Problemlərin kökündə mənbənin məlumatlarının düzgün araşdırılmaması durur. Təəssüf ki, dövlət orqanları arasında məlumat mübadiləsi aparılmadan belə hesabatlar yayılır. Yəqin ki, Azərbaycanın müvafiq orqanları bununla bağlı öz mövqeyini bildirəcək".(azvision.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...