21 Yanvar,


Azərbaycan hansı yeni silahlar alacaq?

Ekspert rəyi

A- A A+

Azərbaycan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.

Azərbaycanın hərbi gücünün artdığını beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu deyən prezident növbəti illərdə bu sahədə tədbirlərin görüləcəyini, yeni silahların alınacağını bildirib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı Modern.az saytına danışıb.

Deputat bildirib ki, Azərbaycanın məqsədi paytaxtın və bu regionda olan ərazilərin infrastrukturu, neft hövzələri, qaz stansiyalarının təhlükəsizliyini hava hücumundan qorumaq üçün silahlar almaqdadır.

“İlk növbədə nəzərə almalıyıq ki, Azərbaycan özünün silah arsenalını ötən  müddət ərzində kütləvi və kəskin bir şəkildə dəyişdirib. Demək olar ki, Silahlı Qüvvələrin sərəncamında olan tanklar, toplar, qırıcı təyyarələr, hərbi vertolyotlar , raketlər yeni dövr silahlarıdır. Və bu silahlar elektron sistemlərlə təchiz olunduqları, müasir informasiya texnologiyaları üzərində qurulduqları üçün hər biri  geniş diapazonda çalışmaq imkanlarına malikdir. Uzaq məsafədən idarə olunmaq baxımından da onların mühüm üstünlükləri var.

Şübhəsiz ki, Azərbaycanın arsenalında hazırda Rusiya istehsalı olan çox aparıcı silahlar mövcuddur. Onlar mühüm hədəfləri vura bilirlər və daha geniş radiusu darmadağın etmək imkanlarına malikdirlər. Ermənistan vətəndaşları da buna etiraz edirlər ki, Rusiya nə üçün Azərbaycanı silahla təchiz edir?

Təbii ki, Ermənistan üçün Azərbaycanla hərbi sahədə -  silahlanma yarışında ayaqlaşmaq , rəqabət aparmaq qeyri-realdır. Cənab Prezident haqlı olaraq bu məsələni vurğulayır ki, bir ölkə özünün bütün iqtisadi və hərbi ehtiyaclarını  kənardan ala bilməz. Ermənistan sanki bütövlükdə kirayəyə və ya icarəyə verilib. Hətta onun sərhədlərini də rus hərbi qüvvələri qoruyur. Təbii ki, bütün bu fikirlər bizə məxsus deyil. Yəni belə hesab etmək olmaz ki, biz düşmənlə formal savaşdayıq və buna görə, onlar üçün müəyyən ittihamlar yağdırırıq. Ekspert qrupları da haqlı olaraq kəskin bir şəkildə deyirlər ki, ölkə suverenliyini  təmin eləmək üçün öz sərhədlərini qorumağa qadir deyilsə, o zaman hansı müstəqillikdən danışmaq olar?”

Zahid Oruc qeyd edir ki, Ermənistan orta radiuslu silahlarla Azərbaycanla rəqabətin qeyri-mümkünlüyünü sezib və  Rusiya “İsgəndərlərinin” kölgəsinə sığınmaqla qarşımıza çıxmağa çalışır.

“Biz nəzərə almalıyıq ki, çox azğın düşmənlə üz-üzəyik. Ermənistanın hərbi – siyasi nümayəndələri bəyan edirlər ki, həmin raketləri  Azərbaycana qarşı tətbiq edə bilərlər. Bu isə avtomatik olaraq, Bakının, Mingəçevirin, həmçinin Sumqayıtda olan strateji obyektlərin hədəfə götürülməsidir. Onlar daim bahalı obyektlərə zərbə vurmaq, Azərbaycanda xaos yaratmaq və s. bu kimi yollarla dövləti özünün bəzi qərarlarından daşındırmaq məqsədi güdürlər. Müharibə şəraitində bu heç şübhəsiz ki, özünün səviyyəsinə və doğurduğu reaksiyalara görə müqayisəolunmazdır”.

Deputat hansı növ silahların alınaması ilə bağlı ən mötəbər məlumatların dövlətin özünə məxsus olduğunu vurğulayıb.

“Heç şübhəsiz ki, bu elektron sistemlə təchiz olunmuş elektronik uçuş qurğuları, pilotsuz raketlər və onların istehsalını genişləndirmək üçün müxtəlif növ hərbi helikopterlər, ordunun digər ehtiyaclarını ödəyəcək digər hərbi sursatlardır. Əlbəttəki, bu, hərbi-siyasi məntiqə dayanaraq irəli sürdüyümüz fikirlərdir. 

Bu səbəbdən biz mediaya açıqlamalar verərkən onu daha çox qabartmaq istəyirik ki, Azərbaycan hərbi resurslarının imkanlarına görə Ermənistandan qat-qat güclüdür.

Yürüdülən siyasi məntiqə əsasən, Azərbaycan Rusiyadan savayı Türkiyədən, Pakistandan, İsraildən o cümlədən bir sıra Şərqi Avropa ölkələrindən, Belarusdan  mühüm silahları ala bilər. Bu silahların böyük bir hissəsi Avropa layihələri, konstruksiyaları əsasında istehsal olunan silahlardır”.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...